Türkiyə-Azərbaycan əməkdaşlığı çox yüksək səviyyədədir - Politoloq  

11:00 27.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın iki qardaş ölkə arasında qurulan yeni əlaqələrdən söz açarkən apardığı müqaisələr xüsusilə diqqət çəkir və dünya ictimaiyyətinə, eləcə də türkə qarşı çıxan qüvvələrə bir mesajdır.

Qeyd edək ki, Binəli Yıldırım çıxışında vurğulayıb: Vaxtilə  Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Preizdent Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, Bu mesajı bütün dünyaya göndərə bildi”.

Binəli Yıldırımın bu fikirlərini təhlil edərkən ekspertlər bu gün Türkiyə-Azərbaycan münasibətlərinin tarixin ən yüksək zirvəsində dayandığını iddia edir.

Binəli Yıldırım çıxışında bildirib: vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi. Amma indi Türkiyə tam Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı tam realizə olunur.

Bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir.

Bu gün Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri və s. ilə bağlı özləri qərar verən,  maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran  güclü dövlətlərdir” deyə xüsusi əhəmiyyətli mesajlarını verib.

Bu istiqamətdə hafta.az-a çıqlama verən politoloq Əli Mustafa bildirdi ki, B.Yıldırımın bu fikirləri gerçəkliyi ifadə edir. Doğrudan da bu gün Türkiyənin Beynəlxalq aləmdə mövqeyi, nüfuzu kifayət qədər yüksəkdir və bu, daha çox Türkiyənin daxili imkanlarının, hərbi-sənaye kompleksinin inkişafı, türk ordusunun yüksəlişi və dünyada gedən proseslərdə Türkiyənin artan rolu danılmazdır. Bu baxımdan da bu gün Türkiyə-Azərbaycan münasibətləri də kifayət qədər inkişaf edir, strateji müttəfiqlik səviyyəsi yüksəlib:

“Azərbaycan artıq son dərəcə ciddi bir müttəfiqi ilə, Türkiyə ilə birlikdə həm özünün ərazi bütövlüyünü qoruyur, eyni zamanda bu Güney Qafqazdakı proseslərdə önəmli rol alır. Əlbəttə, bu ikinci Qarabağ savaşından sonra vəziyyət tamamilə dəyişib. Biz artıq qalib bir dövlətik. Düzdür, hələ də Rusiyanın regionda bu və ya digər formada mövcudluğu olsa da, hər halda Türkiyənin də nüfuzu, mövqeyi kifayət qədər güclüdür, bu, doğru bir təsbihdir. Biz bu gün özümüzü müdafiə edə bilirik. Əlbəttə, vaxtilə Azərbaycan bu imkanlardan məhrum idi. Məcbur idi özünü qorumaq üçün beynəlxalq təşkilatlardan, digər böyük dövlətlərdən kömək istəsin, onların da razılığını, onların da dəstəyini alsın. Amma indi artıq Türkiyə-Azərbaycan əməkdaşlığı çox yüksək səviyyədədir. Yəni bir millətin qurduğu iki dövlət həm özlərini qorumağa, həm də bütövlükdə regiondakı hadisələrə təsir etmək imkanındadır. Ona görə də düşünürəm ki, biz artıq kimsədən asılı olmadan özümüzün daxili və xarici siyasətimizi müstəqil həyata keçirə bilirik, ərazimizi qoruya bilirik”.